Erikssonun “Liverpul”u “Ayaks”ın əfsanələrini məğlub etdi – Video

“Enfild”də İngiltərə nəhəngi “Liverpul” və Niderland nəhəngi “Ayaks”ın əfsanələrindən ibarət komandaların yoldaşlıq oyunu keçirilib.

Arena.az məlumat verir ki, sükanı arxasında isveçli mütəxəssis Sven-Yoran Erikssonun dayandığı “Liverpul”un əfsanələri “Ayaks” əfsanələri üzərində 4:2 hesablı qələbə qazanıblar.

Bir müddət əvvəl Erikssonun xərçəng xəstəliyinə tutulduğu haqda məlumat yayılmışdı. Daha əvvəl, isveçli mütəxəssis “Liverpul”un pərəstişkarı olduğunu etiraf etmiş və həmişə “qırmızılar”ı çalışdırmaq istədiyində olduğunu bildirmiş, fəqət bunun mümkünsüzlüyünü mütəəssircəsinə ifadə etmişdi.

Əvəzində “Liverpul”un azarkeşləri xüsusi tədbir nəticəsində klub rəhbərliyi ilə bir araya gələrək, Sven-Yoran Erikssonunun klub əfsanələrinin oyununda baş məşqçi olmasına nail olublar.

1977-ci ildən 2019-cu ilə qədər məşqçiliklə məşğul olmuş Sven-Yoran Eriksson 2001-2006-cı illər aralığında İngiltərə yığmasını çalışdırıb. Eriksson “Benfika”, “Roma”, “Sampdoria” və “Latsio”da da baş məşqçi olub. İsveçli mütəxəssis “Benfika”ya 3 dəfə Portuqaliya çempionluğunu, “Roma”ya isə İtaliya Kubokunu qazandırıb.

2022-2023-cü illərdə Eriksson İsveçin “Karlstad” klubunun idman direktoru vəzifəsində çalışıb.