Erlinq Haland İngiltərə futbolunda əsrin rekorduna imza atdı

İngiltərə Premyer Liqasının 3-cü turunda “Vest Hem”lə səfər oyunu “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “qolçu vikinq” bu oyunda komandasının 3:1 hesablı qələbəsinə vurduğu 3 qolla töhfəsini verib.

Bu, Halandın İngiltərə Premyer Liqasında 8-ci het-trikidir. Beləliklə, Haland İngiltərə Premyer Liqasında het-triklərin sayına görə 4-cü futbolçu olub. Haland bu göstəricidə ingilis hücumçu Ueyn Runini geridə qoyub, ingilis hücumçular – Harri Keyn və Maykl Ouen, həmçinin fransalı hücumçu Tyerri Anriyə çatıb.

İngiltərə Premyer Liqasında het-triklərin sayına görə mütləq nəticə argentinalı hücumçu Serxio Aqueroya məxsusdur – 12 het-trik. İngilis hücumçu Alan Şirerin 11 het-triki var. Digər bir ingilis hücumçu Robbi Fauler 9 het-trikə imza atıb.

Maraqlıdır ki, Erlinq Halanda 8 het-trik etmək üçün 69 oyun kifayət edib. Tyerri Anriyə 8 het-trik üçün 258 oyun, Harri Keynə 320 oyun, Maykl Ouenə isə 326 oyun gərək olub.

Premyer Liqada tarixi rekord

Daha bir maraqlı məqam isə Halandın Premyer Liqanın ilk üç turu ərzində ikinci dəfə, ardıcıl ikinci dəfə het-trikə imza atmasıdır ki, bu da İngiltərə futbolu tarixinə rekord olaraq düşüb. Bundan əvvəl, Premyer Liqanın 2-ci turu çərçivəsində Haland “İpsviç Taun”la ev oyununda (4:1) het-triklə fərqlənmişdi.

Premyer Liqanın üç başlanğıc turunda iki het-trik etməyi bacarmış ilk oyunçu isə yarışın 1994/1995-ci illər mövsümündə “Bredford”un hücumçusu Pol Cuell olub.

Hazırda Haland 7 qolla İngiltərə Premyer Liqasının cari mövsümünün ən sərrast futbolçusudur.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 7 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 102 oyun, 97 qol, 14 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. “Qolçu vikinq” yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 33 oyuna 31 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı dörd futbolçusundan biri olduğu deməkdir.