Futbol üzrə Norveç yığmasının hücumçusu Erlinq Haland Dortmund “Borussiya”sından ayrılıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu İngiltərənin “Mançester Siti” klubuna transfer olunub.
Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. Bu transfer İngiltərə təmsilçisinə 75 milyon avroya başa gəlib.
Britaniya mətbuatının iddiasına görə, futbolçu yeni klubunda həftəsinə 375 000 funt-sterlinq qazanacaq. Hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Erlinq Haland 2020-ci ilin əvvəlindən Dortmund təmsilçisində çıxış edirdi. Gənc forvard “Borussiya”da 89 oyuna 86 qol vurub. O, daha öncə ölkəsində “Bryune” və “Molde”nin, Avstriyada isə “Zalsburq”un uğurları üçün çalışıb. 21 yaşlı forvard Norveç yığmasında meydana çıxdığı 21 oyunda 20 qola imza atıb.


