Erlinq Haland: “MS məni Çempionlar Liqasını qazanmaq üçün alıb”

Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə klubunun onu Çempionlar Liqasını qazanmaq üçün aldığına inandığını bildirib.

Arena.az “Mail Sport”a istinadən Halandın sözlərini diqqətinizə çatdırır:

“Finalda azarkeşlər üçün qalib gəlmək istərdim, əlbəttə. Dediyim kimi, tarixə düşməyin bircə oyunluğundayıq. Odur ki, mən də bunun bir hissəsi olmaq istərdim!

Hamı bilir ki, mənsiz, “Mançester Siti” Çempionlar Liqasından savayı bütün qənimətləri qazanıb. Beləliklə, bəli, bu, mənim gəlişimin səbəblərindən biridir”.

2022/2023 mövsümündə Erlinq Haland “Mançester Siti”nin heyətində 52 oyunda 52 qol vurub və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Mövsümün yekunlarına görə Haland Avropada qol yarışında hamını geridə qoyaraq Premyer Liqada vurduğu 36 qol müqabilində “Qızıl buts”a sahib olub.

Cari mövsümdə “Mançester Siti” İngiltərə Premyer Liqasını və İngiltərə Kubolunu qazanıb.

Xatırladaq ki, indi “Mançester Siti”ni iyunun 10-da Çempionlar Liqasının finalında “İnter” sınağı gözləyir.