Erlinq Haland mükafat aldı, yüksək məhsuldarlığından danışdı

“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Futbol Jurnalistləri Assosiasiyası tərəfindən mükafatlandırılıb.

Arena.az xəbər verir ki, Norveç yığmasının da üzvü olan forvard sözügedən qurumun versiyası üzrə ilin futbolçusu mükafatına (FWA Footballer of the Year) layiq görülüb.

Bu, norveçli qoleadorun müvafiq nominasiyada ilk uğurudur. Ötən gecə o, mükafatına qovuşub. Haland tədbirdə çıxış edib. O, İngiltərə klubunun sıralarında nümayiş etdirdiyi yüksək qol məhsuldarlığından danışıb. Hücumçunun sözlərinə görə, özü də bunu gözləmirmiş:

“Mövsümün başlanması ərəfəsində mənim şübhələrim yox idi. Bilirdim ki, özümü göstərəcəyəm və yaxşı komandada oynayacağam. Beləliklə, şübhələrim yox idi.

Düzünü deyim, mən belə yaxşı nəticə gözləmirdim, ancaq qollar vuracağımı gözləyirdim. Ötən mövsümdə “Mançester Siti” 100 qol vurmuşdu. Odur ki, mən, əlbəttə, gözləyirdim ki, bu komandada qollar vuracağam. Ancaq düşünmürdüm ki, qollarım bu qədər çox olacaq”.

Hələ mövsüm bitməmiş belə, “şəhərlilər”in hücumçusu Halandın cari statistikası diqqət çəkir:

Çempionlar Liqası – 10 oyun, 12 qol, 1 məhsuldar ötürmə;
Premyer Liqa – 35 oyun, 36 qol, 8 məhsuldar ötürmə;
İngiltərə Kuboku – 3 oyun, 3 qol;
İngiltərə Liqa Kuboku – 2 oyun, 1 qol.

Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə bu mövsümün əvvəlində – 2022-ci ilin iyul ayında Almaniyanın “Borussiya” (Dortmund) klubundan 60 milyon avro qarşılığında keçib. O, bu komandanın heyətində bütün turnirlər çərçivəsində meydana çıxdığı 51 oyunda 52 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçunun digər klublardakı statistikası isə belədir: “Borussiya” (89 oyun, 86 qol, 23 assist), “Molde” (50 oyun, 20 qol, 6 assist), “Zalsburq” (27 oyun, 29 qol, 7 assist), “Bryune” (16 oyun). Haland Norveç yığmasında da meydana çıxdığı 23 oyunda 21 qol vurub.