“Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqasında “Real”a qarşı keçirdikləri ikinci yarımfinal oyununu bir daha şərh edib.
Arena.az “Marca”ya istinadən xəbər verir ki, norveçli qoleador bu barədə İngiltərədə ilin oyunçusu mükafatı ilə təltif edildiyi mərasimdə danışıb.
Haland 4:0 hesabıyla qalib gəldikləri həmin oyundan o qədər təsirlənib ki, sərgilədikləri futbol mənzərəsindən xoşlanmaq üçün oyunu bir daha izləmək qərarına gəlib:
“Bu, mənim yenidən baxmağa qərar verdiyim azsaylı oyunlardan biri idi. “Real”a qarşı oyunun birinci hissəsinə baxanda düşündüm ki, bu, həyatımda gördüyüm ən yaxşı futbol idi”.
MS Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Madrid “Real”ını 4:0 hesabı ilə darmadağın edərək finala vəsiqəni rəsmiləşdirib. Komandasının bu mövsüm Premyer Liqa çempionluğunda əsas pay sahiblərindən olan, ÇL-də də 12 qol vuran Haland “Real”ın qapısına yol tapa bilməyib.
Erlinq Haland “Mançester Siti”yə bu mövsümün əvvəlində – 2022-ci ilin iyulunda Almaniyanın “Borussiya” (Dortmund) klubundan 60 milyon avro qarşılığında keçib. O, bu komandanın heyətində bütün turnirlər çərçivəsində meydana çıxdığı 51 oyunda 52 qol vurub, 9 asist müəllifi olub. Ulduz futbolçunun digər klublardakı statistikası isə belədir: “Borussiya” (89 oyun, 86 qol, 23 assist), “Molde” (50 oyun, 20 qol, 6 assist), “Zalsburq” (27 oyun, 29 qol, 7 assist), “Bryune” (16 oyun). Haland Norveç yığmasında da meydana çıxdığı 23 oyunda 21 qol vurub.
“Mançester Siti”ni UEFA Çempionlar Liqasının finalında Milan “İnter”i gözləyir. İtaliya klubu ilə final qarşılaşması iyunun 10-da Türkiyənin İstanbul şəhərində baş tutacaq.