Erlinq Haland: “Özümü çox yaxşı hiss edirəm”

İngiltərə çempionu “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland 2024/2025 mövsümünə hazırlığından danışıb.

Arena.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 3-cü turunda “Vest Hem”lə oyunda (3:1) het-trik etdikdən sonra bunları söyləyib:

“Özümü yaxşı hiss edirəm. Mən özümü güc-qüvvəli hiss edirəm. Uzun bir tətilim və uzun bir mövsüm öncəm vardı. Burada illər sürətlə ötdü, hər şey yağ kimi gedirdi, indi isə bədənim və ayaqlarımda azacıq istirahət etmişəm. İndi özümü çox yaxşı hiss edirəm və yeni nailiyyətlərə hazıram”, deyə Haland vurğulayıb.

Qeyd edək ki, hazırda Haland 7 qolla İngiltərə Premyer Liqasının cari mövsümünün ən sərrast futbolçusudur.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 7 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 102 oyun, 97 qol, 14 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. “Qolçu vikinq” yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 33 oyuna 31 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı dörd futbolçusundan biri olduğu deməkdir.