İngiltərə Kubokunun 1/8 finalında “Luton Taun”la səfər oyunu (2:6) “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, “qolçu vikinq” bu oyunda rəqibin qapısına beş qol vuraraq, penta-trikə imza atıb.
Eyni zamanda Haland “Mançester Siti”nin heyətində 8-ci dəfə het-trik etmiş olub. Penta-trikə imza atmaq üçün Halanda 58 dəqiqə kifayət edib. Norveçli hücumçu 3-cü, 18-ci, 40-cı, 55-ci və 58-ci dəqiqələrdə fərqlənib.
“Opta Sports” statistik internet-portalının məlumatına görə, Haland 1970-ci ildə İngiltərə Kuboku oyununda 5 qol vurmuş əfsanəvi Corc Bestin rekordunu təkrarlayıb.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 30 oyuna 27 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində ümumi statistikası isə belədir: 83 oyun, 79 qol, 15 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin İngiltərə Premyer Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 17 qol.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç milli komandasının heyətində 29 oyun keçirib. Erlinq bu oyunlarda 27 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.


