Erlinq Haland Premyer Liqada daha ilkə imza atdı – 50 oyun, 51 qol

Premyer Liqanın 24-cü turunda “Everton”a qarşı oyun (2:0) “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Haland bu oyunda komandasının hər iki qolunu vuraraq, şəhərlilərin qələbəsini təmin edib.

Həmçinin “vikinq” bu qollar sayəsində Premyer Liqada daha bir qolçuluq nailiyyətinə imza atıb. Belə ki, bu oyunda Premyer Liqa çərçivəsində 50-ci oyununa çıxmış Haland 50-ci və 51-ci qollarını vurub və bu yarışda ilk 50 oyununda ən çox qol vurmuş futbolçu olub.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 25 oyuna 21 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində ümumi statistikası isə belədir: 78 oyun, 73 qol, 15 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin İngiltərə Premyer Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 16 qol.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç milli komandasının heyətində 29 oyun keçirib. Erlinq bu oyunlarda 27 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.