Erlinq Haland yeni mövsüm ərəfəsində fiziki forması haqda danışdı

“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland 2024/2025-ci illər mövsümü ərəfəsində fiziki hazırlığından danışıb.

Arena.az “Mançester Siti”nin mətbuat xidmətinə istinadən, “qolçu vikinq”in bu barədə fikrini təqdim edir:

“Hələ yaxşılaşdırılması gərək olan çox şey var. Həm meydanda, həm də meydandan kənarda özümün ən yaxşı seçimi olmağa çalışıram. Mən dəfələrlə demişəm ki, mənim daha yaxşı ola biləcəyim çox şey var – bunun üzərində çalışıram. Ümidvaram ki, daha yaxşı futbolçu və daha yaxşı insan olacağam”, deyə Haland vurğulayıb.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 38 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 98 oyun, 90 qol, 15 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdəisə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb.

Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 33 oyuna 31 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı dörd futbolçusundan biri olduğu deməkdir.