Ermənistanda təşkil olunmuş ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Arena.az xəbər verir ki, İrəvanda təşkil olunmuş Avropa çempionatının açılış mərasimi bu gecə baş tutub.
Mərasimdə bayraqların paradı olub. Azərbaycan üçüncü ölkə elan edilib. Lakin Azərbaycan bayrağı zala gətirildikdən sonra orada əyləşənlərdən biri səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.
Mühafizəçi həmin şəxsi tuta bilib. Daha sonra içəriyə yeni bayraq gətirilib. Eyni hal Türkiyə bayrağı gətirilən zaman da baş verib. Erməni azarkeşlər də zalda fit çalmağa başlayıblar.
Qeyd edək ki, bu, Ermənistan silahlı qüvvələrinin 11 aprel təxribatının ardınca Azərbaycana qarşı növbəti vandallıq aktıdır. Bir neçə gün öncə iki Azərbaycan əsgəri də əlverişsiz hava şəraiti səbəbindən azaraq Ermənistan tərəfə keçdiyi üçün əsir götürülüblər. Onlar ermənilər tərəfindən çoxsaylı işgəncələrə məruz qalıblar. Mənfur düşmənlərimiz onlara qarşı iyrənc davranışlarının video və foto görüntülərini sosial şəbəkələrdə yaymaqdan da çəkinməyiblər. Bu gün isə milli atributumuza qarşı oxşar vandallıq aktı törədilib.
Baş verənlər rəsmi Bakı tərəfindən qınanılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə sosial şəbəkə hesabında bunları yazıb:
“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.
O bildirib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir: “Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”.


