Ernesto Valverde ilə yeni müqavilə imzalandı – Rəsmi

Bilbao “Atletik”inin baş məşqçisi Ernesto Valverde daha bir mövsüm bu klubun uğurları üçün çalışmağa davam edəcək.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Belə ki, klub rəhbərliyi ispan mütəxəssislə müqaviləni yeniləməyə qərar verib. Tərəflər arasında 1 illik yeni müqavilə imzalanıb. Bir sözlə, Valverde ən azı 2025-ci ilin 30 iyununa kimi “Atletik”də qalacaq.

Ernesto Valverde 2022-ci ilin iyul ayından “Atletik”ə rəhbərlik edir. O, bu müddətdə komandanı 89 oyuna çıxarıb. Bilbao təmsilçisi bu görüşlərdə 44 qələbə qazanıb, 21 heç-heçə edib və 24 məğlubiyyətə üzülüb. Təcrübəli ispan məşqçi 2002-2005 və 2013-2017-ci illər aralıqlarında da “Atletik”ə rəhbərlik edib.

“Atletik” bu mövsüm İspaniya La Liqasının turnir cədvəlində 62 xalla 5-ci yerdədir. Keçirdiyi 36 oyunda 17 qələbə qazanmış Bilbao təmsilçisi 11 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Valverde karyerası ərzində “Espanyol”, “Vilyarreal”, “Olimpiakos”, “Valensiya” və “Barselona” kimi klublarda da baş məşqçi kimi çalışıb. O, “Barselona” ilə 2 dəfə İspaniya çempionu olub. Kataloniya təmsilçisi ilə bir dəfə ölkə kubokunu, bir dəfə super kuboku qazanan 60 yaşlı mütəxəssis bu uğurları “Atletik”lə də təkrarlayıb. Valverde “Olimpiakos”la 3 dəfə Yunanıstan çempionu olub, iki dəfə Yunanıstan kubokunu qazanıb.