Ernesto Valverde: “Messi – sizə hər şeyi verəcək oyunçudur”

“Barselona”nın sabiq baş məşqçisi Ernesto Valverde argentinalı hücumçu Lionel Messi ilə Kataloniya klubunda birgə çalışmasını xatırlayıb:

Arena.az “Relevo”ya istinadən Valverdenin xatirələrini diqqətinizə çatdırır:

“Onun necə oynadığını görmüsünüz, elə deyilmi? Yaxşı, sənə nə deyə bilərəm ki, onu bilmirsən? Onunla işləmək çətindir? Yox. Əvvəl-axır sən belə bir kluba gedəndə anlayırsan ki, kiminlə işləyəcəksən. Düzdür, kimin kim olduğunu hesaba almaq lazımdır. Messi sənə hər şeyi verəcək oyunçudur. Mənə Messiyə uyğunlaşmaq gərək oldumu? Yalnız Messiyə yox, “Barselona”ya da. Bəli, getdiyin yerə uyğunlaşmaq gərək olur. Sizə həmçinin “Atletik” və ya “Valensiya”ya da uyğunlaşmaq gərək olacaq. Ancaq heç bir məşqçi klubdan yüksəkdə dayanmır, xüsusilə də “Barselona”dan”, deyə Valverde bildirib.

Xatırladaq ki, Valverde “Barselona”nı 2017-2020-ci illərdə çalışdırıb. Bu müddətdə ispan mütəxəssis Kataloniya nəhənginə 2 dəfə La Liqa çempionluğunu (2017/2018, 2018/2019), İspaniya Kral Kubokunu (2017/2018) və İspaniya Super Kubokunu (2018) qazandırıb.

Hazırda Ernesto Valverde Bilbao “Atletik”ini çalışdırır.