Türkiyənin “Fənərbaxça” komandasının sabiq baş məşqçisi Erol Bulut məşqçilik karyerasını İngiltərədə davam etdirəcək.
Arena.az xəbər verir ki, o, Çempionşip təmsilçisi “Kardiff Siti”nin baş məşqçisi təyin olunub.
Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.
Bulut “Kardiff Siti”nin baş məşqçi postunda bir müddət öncə istefaya göndərilmiş Tunis əsilli fransalı Sabri Lamuşini əvəz edib. Kardifflilər Çempionşipdə 2022/2023 mövsümünü 24 iştirakçı arasında 21-ci sırada bitirib. Komanda keçirdiyi 46 oyunda cəmi 49 xal toplaya bilib.
Onu da qeyd edək ki, “Kardiff Siti” klubunun prezidenti türk əsilli britaniyalı Mehmet Dalmandır. O, 2013-cü ildən bu kluba rəhbərlik edir.
Erol Bulut isə son olaraq Türkiyənin “Qaziantep” komandasının baş məşqçisi postunda çalışıb. O, 2023-cü ilin yanvarında sözügedən klubdan ayrılandan bəri işsiz idi. 48 yaşlı mütəxəssis daha öncə “Fənərbaxça”, “Alanyaspor” və “Yeni Malatyaspor”da da baş məşqçi olub, “Başakşəhər”də isə köməkçi kimi çalışıb.