Ersun Yanal “Alanyaspor”un yeni baş məşqçisi təyin olundu

Türkiyəli məşqçi Ersun Yanal Super Liqa təmsilçisi “Alanyaspor” komandasının yeni baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Alanya klubunun rəsmi saytı məlumat yayıb.

61 yaşlı mütəxəssis yeni klubu ilə 1,5+1 illik müqaviləyə imza atıb. Yanal “Alanyaspor”un baş məşqçi postunda ötən gün istefa vermiş Françesko Fariolini əvəz edib. Hansı ki, italiyalı mütəxəssis də Yanalla imza mərasimində iştirak edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xatırladaq ki, Farioli ayrılıq səbəbi kimi İtaliyada yaşayan ailəsinə daha çox vaxt ayırmaq istədiyini söyləyib. Halbuki, 33 yaşlı məşqçi 2024-cü ilin 30 iyununa kimi bu komandanı çalışdırmağa davam etməli idi.

Françesko Farioli 2021-ci ilin 31 dekabrından “Alanyaspor”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 47 oyuna çıxarıb. Alanya təmsilçisi bu görüşlərdə 21 qələbə qazanıb, 10 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb. “Alanyaspor”da daha öncə köməkçi-məşqçi kimi də çalışmış Farioli, Türkiyədə “Fatih Karagümrük”ün də baş məşqçisi olub.

Ersun Yanal isə son olaraq 2020/21 mövsümündə “Antalyaspor”a rəhbərlik edib. O, “Dənizlispor”, “Yeni Salihlispor”, “Ankaragücü, “Gənclərbirliyi, “Manisaspor”, “Trabzonsor”, “Əskişəhərspor” və “Fənərbaxça”da da baş məşqçi kimi çalışıb. 2004-2005-ci illər aralığında isə Yanal Türkiyə yığmasının baş məşqçisi olub.

Sonda onu da bildirək ki, “Alanyaspor” hazırda Türkiyə Super Liqasında 22 oyuna topladığı 25 xalla 19 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.