Eşli Koul İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edildi

“Arsenal”ın və “Çelsi”nin keçmiş futbolçusu Eşli Koul İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.

İngilis futbolçu 2024-cü ildə Şöhrət Zalına daxil edilmiş ilk oyunçu olub.

Eşli Koul “Arsenal”ın yetirməsidir. İngilis sol cinah müdafiəçisi “topçular”ın heyətində 1998-ci ildə debüt edib. 2006-cı ildə Koul “Çelsi”yə keçib və 2019-cu ildə “Derbi Kaunti”nin oyunçusu kimi futbolçu karyerasını bitirib.

Eşli “Arsenal”la 2 dəfə İngiltərə Premyer Liqasının qalibi olub, İngiltərə Kubokunu və İngiltərə Super Kubokunu qazanıb. “Çelsi” ilə isə Koul həm İngiltərə Premyer Liqasının qalibi olub, həm də Avropa səhnəsində qənimətlər qazanıb – Çempionlar Liqası və Avropa Liqasının qalibi olub.

İngiltərə Premyer Liqasının Şöhrət Zalı 2021-ci ildə təsis edilib və Premyer Liqada çıxış etmiş görkəmli futbolçulara həsr edilib.