Eşli Koul və Coleon Leskott da İngiltərə yığmasında – Rəsmi

İngiltərə yığmasının keçmiş müdafiəçiləri Eşli Koul və Coleon Leskott “üç şir”in məşqçilər qərargahına qoşulublar.

Arena.az bu barədə İngiltərə yığmasının mətbuat xidmətinə istinadən məlumat verir.

Xatırladaq ki, İngiltərə yığmasına müvəqqəti olaraq Li Karsli rəhbərlik edir.

İngiltərə yığmasının yeni məşqçilər qərargahı üçün ilk oyun sentyabrın 7-də baş tutacaq. UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunun oyununda “üç şir” İrlandiya yığması ilə qarşılaşacaq. Sentyabrın 10-da isə ingilislər Finlandiya yığması ilə oynayacaqlar.

Daha əvvəl bildirilmişdi ki, Karsli 2024-cü ilin payızı ərzində İngiltərə Futbol Assosiasiyası (The FA) yeni daimi baş məşqçi seçənə qədər bu vəzifədə qala bilər.

Li Karsli 2021-ci ilin iyul ayından İngiltərənin gənclər komandasının baş məşqçisidir və keçən il komandanı 1984-cü ildən bəri ilk dəfə olaraq 21 yaşadək futbolçular arasında Avropa çempionatında qalibiyyətə daşıyıb. Karsli əvvəllər İngiltərənin inkişaf komandalarında müxtəlif məşqçi rollarında çalışıb və 20 yaşadək gənclərə rəhbərlik edib.