İspaniyanın “Espanyol” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Almaniyanın “Maynts” klubunun müdafiəçisi Ronael Pyer-Qabrieli heyətinə cəlb edib.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Fransadan olan 24 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.
Ronael Pyer-Qabriel 2019-cu ilin iyul ayında “Monako”dan 5.5 milyon avro qarşılığında “Maynts”a keçib. O, Bundesliqa təmsilçisinin heyətində cəmi 8 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Sent Etyen”in yetirməsi olan futbolçu, Fransada “Monako”dan başqa “Brest” və “Strasburq”da da icarədə oynayıb. Sağ cinah müdafiəçisi Fransanın U-18, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.
“Espanyol” öz sağ cinah müdafiəçisi Migel Xuan Lambriçi (Migelon) isə “Karaxena”ya icarəyə verib. İspaniyadan olan 27 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. Onun məxsus olduğu klubla müqaviləsinin müddəti isə 2024-cü ilin 30 iyununa kimidir.
Migelon “Vilyarreal”ın yetirməsidir. O, 2020-ci ilin avqustundan formasını geyindiyi “Espanyol”da 25 oyuna çıxıb və 1 qol ötürməsi verib. Ötən il “Real Ovyedo”ya da icarəyə verilmiş müdafiəçi, vaxtilə “Hueska”da da icarədə olub.