Etan Mbappe də PSJ-dən ayrıldığını bəyan etdi

PSJ-nin fransalı mərkəz yarımmüdafiəçisi Etan Mbappe Fransa nəhənginin düşərgəsindən ayrılaraq, Paris klubunu tərk edib.

Arena.az məlumat verir ki, Etan bu barədə özünün sosial şəbəkə hesabları üzərindən bəyanat yayıb.

Vurğulayaq ki, rəsmən qüvvədə olan müqaviləsinə əsasən, Paris klubunun Etanla müqaviləsi tezliklə, iyun ayının 30-da başa çatacaq.

Etan Mbappe futbolda ilk addımlarını 2017-ci ildə Fransanın “Bondi” klubunda atmağa başlayıb. Həmin ilin avqustunda Etan PSJ-nin futbol akademiyasına yol tapıb və Paris klubunun yeniyetmələrdən ibarət komandasında çıxış edib. 2021-ci ilin iyulunda Etan PSJ-nin U-17 komandasına cəlb edilib, 1 il sonra, 2022-ci ilin iyulunda isə Paris klubunun U-19 komandasına keçirilib.

2023-cü ilin sentyabr ayının 15-də yarımmüdafiəçi ilk dəfə PSJ-nin əsas komandasına daxil edilib. O, dekabrın 20-də isə Fransa Liqa 1-in 17-ci turunun “Mets”lə “Park de Prens”dəki oyununda (3:1) meydana çıxaraq debüt edib, cəmi 1 dəqiqə oynayıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Etan Mbappe PSJ-nin heyətində bütün yarışlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 5 oyun keçirib.

Etan Fransanın U-16 və U-19 komandalarına çağırış alıb, amma meydana çıxmayıb. Həmçinin yarımmüdafiəçi “xoruzlar”ın əsas yığmasına hələ cəlb edilməyib.

Etan Mbappenin qənimətlər muzeyində PSJ-nin U-19 konandası ilə Fransa çempionluğu (2023/2024), həmçinin PSJ-nin əsas komandası ilə geridə qalmış 2023/2024-cü illər mövsümündə qazandığı 3 qənimət – Fransa Liqa-1-in çempionluğu, Fransa Kuboku və Fransa Super Kuboku var.

“Transfermarkt” internet-portalı 17 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Etan Mbappe “Real”ın ulduz hücumçusu və Fransa yığmasının kapitanı Kilian Mbappenin qardaşıdır. Hansı ki, Kilian da bu yay məhz PSJ-dən ayrılaraq “Real”la müqavilə bağlayıb.