Etyen Kapu “Vilyarreal”ı tərk etdi

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Vilyarreal”ın dayaq yarımmüdafiəçisi Etyen Kapu komandadan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

35 yaşlı yarımmüdafiəçi başa çatan müqavilə müddətini uzatmayıb. Fransalı futbolçu azad agent kimi komandanı tərk edib. Onun karyerasını harada davam etdirəcəyi hələ bilinmir.

Etyen Kapu 2021-ci ilin yanvar ayından “sarı sualtı qayığ”ın şərəfini qoruyurdu. O, “Vilyarreal”ın heyətində ümumilikdə meydana çıxdığı 148 oyunda 12 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi 2020/2021 mövsümündə “Vilyarreal”la Avropa Liqasının qalibi olub.

Kapu daha öncə “Tottenhem”, “Uotford” və “Tuluza” kimi klubların da formasını geyinib.

Yarımmüdafiəçi 2012-ci ilin avqust ayında debüt etdiyi Fransa milli komandasının heyətində 7 oyuna çıxıb və 1 qola imza atıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı futbolçunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.