Evan Ndika xəstəxanadan evə buraxıldı

“Roma”nın xəstəxanada olan ivuarlı mərkəz müdafiəçisi Evan Ndika səhhəti qaydasına düşdüyü üçün bu gün evə buraxılıb.

Arena.az bu barədə “Football Italia” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, Ndika aprelin 14-də İtaliya A Seriyasının 32-ci turu çərçivəsində “Udineze” ilə səfər oyununda sinəsindən yapışaraq ot üstünə yıxılmış və dərhal ilk tibbi yardım göstərilərək, xəstəxanaya çatdırılmışdı. Oyun bu hadisədən sonra, hesab 1:1 ikən dayandırılıb. Qarşılaşmanın daha sonra qaldığı yerdən davam etdirilməsi gözlənilir. Amma bununla bağlı hələ rəsmi qərar açıqlanmayıb.

Mənbənin məlumatına görə, müdafiəçi bazar ertəsi, aprelin 15-də Romada tibbi müayinədən keçib və nəticələr futbolçunun ürəyində fəsad olmadığını təsdiqləyib.

Ndika hələ komanda ilə məşq etməyib və yaxın bir neçə gündə dincələcəyi üçün Avropa Liqasında “Roma”nın “Milan”la qarşıdakı oyununda iştirak edə bilməyəcək.

Müdafiəçinin ağciyərlərini müayinə məqsədilə Bazar ertəsi, aprelin 22-də əlavə müayinələrdən keçəcəyi bildirilir.

Evan Ndika “Oser”in yetirməsidir. “Oser”dən “Ayntraxt”a keçmiş Ndika, 2023-cü ilin iyulunda Frankfurt klubunu azad agent qismində tərk edərək, “Roma”ya qoşulub. İvuarlı futbolçunun “Roma” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ndika “canavarlar”ın heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə fərqlənib.

Evan Ndika yeniyetməlik və gənclik illərində Fransanın aşağı yaş qruplarından ibarət yığmalarının heyətində çıxış etsə də, əsas seçimini vətəni Kot-d’İvuarın lehinə edib. Ndika Kot-d’İvuar yığmasının heyətində 13 oyun keçirib, məsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Evan Ndikanın qənimətlər muzeyində Frankfurt “Ayntraxt”ı ilə qazandığı 2021/2022 mövsümü Avropa Liqası və Kot-d’İvuar yığması ilə qalib olduğu 2024-cü il Afrika Kuboku var.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 24 milyon avro məbləğində qiymətləndirir.