“Everton” azarkeşlərindən etiraz aksiyası – Video

Ötən gecə “Everton” azarkeşləri İngiltərə Premyer Liqasının Londondakı mənzil-qərargahı qarşısında etiraz aksiyası təşkil ediblər.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Azarkeşlər klubun maliyyə feyr-pleyi qaydalarını pozduğu üçün turnir cədvəlində 10 xalından məhrum edilməsi ilə razılaşmadıqlarını nümayiş etdiriblər.

Liverpul təmsilçisinin azarkeşləri Premyer Liqanın baş qərargahının binasına bayraqlar və üzərində “rüşvətxorlar” yazılmış lövhələrlər gəliblər.

Vurğulanır ki, bu hərəkat “Everton” azarkeşlərinin İngiltərə futbol hakimiyyətinin qərarından narazılıqları ilə bağlı etiraz tədbirinin yalnız başlanğıcıdır.

Xatırladaq ki, daha əvvəl hesabından 10 xal silinmiş “Everton” hazırda 12 tura əsasən 4 xalla Premyer Liqanın turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Cari mövsümdə avrokuboklara vəsiqə uğrunda mübarizəni hədəfləmiş komanda indi mövsümün qalan hissəsini Premyer Liqanın zirzəmisindən qurtulmaq uğrunda mübarizəyə həsr etməli olacaq.

Həmçinin klub rəhbərliyi Premyer Liqanın müvafiq qərarından şikayətçi olacağını da rəsmən bəyan edib.