“Everton”un 4 xalı bərpa edildi

“Everton” maliyyə feyr-pley qaydalarını pozduğuna görə Premyer Liqa çərçivəsində aldığı cəzaya dair şikayəti ilə bağlı uğur qazanıb.

Arena.az “The Athletic” dərgisinə istinadən məlumat verir ki, İngiltərə Premyer Liqasının rəhbərliyi şikayəti uğurla təmin edilmiş klubun 4 xalını turnir cədvəlində hesabına qaytarıb.

Xatırladaq ki, 2023-cü il noyabrın 17-də Premyer Liqa rəhbərliyi maliyyə feyr-pley qaydalarını pozduğuna görə “Everton”u milli birincilik çərçivəsində yarışda 10 xalından məhrum etmişdi.

Dekabrın 1-də Liverpul təmsilçisinin rəhbərliyi İngiltərə Premyer Liqansının hakimlər heyətinin sədrinə apellyasiya şikayəti verib.

Təmin edilmiş şikayətə dair müvafiq qərar sayəsində “Everton” İngiltərə Premyer Liqasının yarış cədvəlində 17-ci yerdən 15-ci yerə yüksəlib. “Qənnadçılar”ın hazırda 25 xalı var. Beləliklə, bu komandanın təhlükəli bölgə ilə fərqi indi 5 xaldır.