Avropa Ağır Atletika Federasiyası (EWF) Ermənistandakı Avropa çempionatında Azərbaycan bayrağının yandırılmasına görə bəyanat yayıb. Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında açıqlama yerləşdirilib.
Bəyanatda Ermənistanın paytaxtı İrəvanda atletika üzrə Avropa çempionatının ötən gecə baş tutan açılış mərasimi zamanı baş verən hadisə qəti şəkildə pislənilib. Beynəlxalq qurum rəhbərliyi zaldakı şəxslərdən bir nəfərin Azərbaycan bayrağını yandırmasından təəssüf hissi duyduqlarını diqqətə çatdırıb:
“Avropa Ağır Atletika Federasiyası bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə dair hücum kimi nəzərdən keçirir.
Avropa Ağır Atletika Federasiyası bu hadisəyə dərhal reaksiya verib, təşkilat komitəsinə mövqeyini bildirib. Federasiya daim Azərbaycan Respublikasından olan nümayəndə heyəti ilə, idmançılara, məşqçilərə və vəzifəli şəxslərə tam həmrəylik və dəstək ifadə edir”.
EWF Təşkilat Komitəsindən təcili tələb olunan əlavə tədbirlərin həyata keçirilməsini izləyəcək. Qeyd edilib ki, federasiya üzvləri Azərbaycan idmançıları Ermənistanı tərk edənə qədər heyət üçün bütün təhlükəsizlik şəraitinin təmin olunmasında birbaşa iştirak edib.
Xatırladaq ki, İrəvandakı Avropa çempionatına bu gün start verilib. Azərbaycan millisi qitə birinciliyinə dörd idmançı ilə qatılmışdı. Birinci gündə yığmamızın bir idmançısı mübarizəyə qoşulacaqdı. İlk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxmalı və 49 kq çəki dərəcəsində mübarizə aparmalı idi. Kişilərin yarışında İsa Rüstəmov (67 kq) aprelin 17-də, Ömər Cavadov (73 kq) 18-də, Əli Şükürlü (102 kq) isə 22-də yarışacaqdı. Amma ötən gecə baş verən gözlənilməz təxribat Azərbaycanın AÇ-dən imtinası ilə nəticələnib. Bu üzdən də yığmamızın 12 nəfərdən nümayəndə heyəti təcili Ermənistanı tərk etməli olub.


