Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, bu mərhələnin cavab qarşılaşmalarının hamısı eyni günə təsadüf edib.
Azərbaycan çempionu “Qarabağ” səfərdə Bolqarıstan nəhəngi “Ludoqorets”lə üz-üzə gəlib. Doğma meydanda uduzmuş Ağdam təmsilçisini səfərdə çətin tapşırıq gözləyirdi. Çünki “Qarabağ”a mərhələ adlamaq üçün mütləq azı 2 top fərqi ilə üstün olmaq lazım idi. Azərbaycan çempionu bu çətin tapşırığın öhdəsindən darmadağınla gələrək pley-offa yüksəlib.
Türkiyənin “Fənərbaxça” klubu isə səfərdə oxşar hesabla uduzduğu Fransanın “Lill” komandasını bu dəfə doğma meydanda qəbul edib. Bu görüş də əlavə vaxta gedib. Amma fransızlar əlavə vaxtda bərabərlik qolunu vurduqları üçün “Fənərbaxça”nın ÇL macərası başa çatıb.
“Lill” və “Qarabağ”dan başqa, “Slovan”, “Bodo Qlimt”, “Zalsburq”, “Malmö”, “Midtyulland”, “Sparta” (Praqa) və “Dinamo” (Kiyev) klubları da ÇL-in pley-off mərhələsinə vəsiqə qazanıblar.
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 20-21-də, cavab görüşləri ayın 27-28-də keçiriləcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
13 avqust
APOEL (Kipr) – “Slovan” (Slovakiya) 0:0 (ilk oyun 0:2)
“Bodo Qlimt” (Norveç) – “Yagellonya” (Polşa) 4:1 (1:0)
“Fənərbaxça” (Türkiyə) – “Lill” (Fransa) 1:1 (1:2)
“Tvente” (Niderland) – “Zalsburq” (Avstriya) 3:3 (1:2)
PAOK (Yunanıstan) – “Malmö” (İsveç) 3:4 (2:2)
“Ferentsvaroş” (Macarıstan) – “Midtyulland” (Danimarka) 1:1 (0:2)
“Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” (Azərbaycan) 2:7 (2:1)
“Styaua” (Rumıniya) – “Sparta” (Praqa, Çexiya) 2:3 (1:1)
“Yunion” (Belçika) – “Slaviya” (Praqa, Çexiya) 0:1 (1:3)
“Reyncers” (Şotlandiya) – “Dinamo” (Kiyev, Ukrayna) 0:2 (1:1)