“Fənərbaxça” “Lill”ə uduzdu – Çempionlar Liqasında

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 3-cü təsnifat mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” da bu mərhələdəki ilk sınağına bu gün çıxıb. Ağdam klubu pley-offa vəsiqə uğrunda “Ludoqorets”lə (Bolqarıstan) üz-üzə gəlib. İlk görüşü evdə keçirən “Qarabağ” bu oyundan məğlubiyyətlə ayrılıb.

Türkiyə təmsilçisi “Fənərbaxça” da növbəti sınağına çıxıb. Joze Mourinyonun rəhbərlik etdiyi kollektiv səfərdə Fransanın “Lill” komandası ilə qarşılaşıb. Bu oyunda da üç qol qeydə alınıb, “Fənərbaxça” yekunda məğlubiyyətlə üzləşib. Azərbaycan çempionu kimi, Türkiyə nəhəngi də ÇL-in pley-off mərhələsinə vəsiqəni gələn həftə rəsmiləşdirmək məcburiyyətində qalıb.

Danimarkanın “Midtyulland”, Avstriyanın “Zalsburq” komandaları da günü qələbə ilə başa vurublar. “Malmö” – PAOK, “Dinamo” (Kiyev) – “Reyncers” və “Sparta” (Praqa) – “Styaua” görüşlərində isə qalib müəyyənləşməyib.

Sabah – avqustun 7-də daha 3 oyun keçiriləcək.

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmaları avqustun 13-də baş tutacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
6 avqust

“Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan) 1:2

“Malmö” (İsveç) – PAOK (Yunanıstan) 2:2

“Midtyulland” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan) 2:0

“Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya) 1:1

“Sparta” (Praqa, Çexiya) – “Styaua” (Rumıniya) 1:1

“Lill” (Fransa) – “Fənərbaxça” (Türkiyə) 2:1

“Zalsburq” (Avstriya) – “Tvente” (Niderland) 2:1

7 avqust

21:00. “Slaviya” (Praqa, Çexiya) – “Yunion” (Belçika)
22:30. “Slovan” (Slovakiya) – APOEL (Kipr)
22:45. “Yagellonya” (Polşa) – “Bodo Qlimt” (Norveç)