“Fənərbaxça” tanış simanı baş məşqçi postuna gətirdi

Türkiyənin “Fənərbaxça” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra İsmayıl Kartal çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 60 yaşlı mütəxəssis mövsümün sonuna qədər bu komandaya rəhbərlik edəcək. O, bir müddət öncə istefaya göndərilmiş Vitor Pereyranı əvəz edib.

Qeyd edək ki, İsmail Kartal “Fənərbaxça” üçün yad sima deyil. O, futbolçu karyerası dönəmində ən çox məhz bu klubun uğurları üçün çalışıb. Sağ cinah müdafiəçisi 1983-1993-cü illər aralığında bu komandanın heyətində 200-dən çox oyun keçirib.

Kartal məşqçiliyə də 1996-cı ilə məhz “Fənərbaxça”da başlayıb. O, müxtəlif vatlarda klubun yeniyetmə və gənclərdən ibarət komandalarına rəhbərlik edib, həmçinin əsas komandada köməkçi-məşqçi kimi çalışıb. Təcrübəli mütəxəssis 2014/15 mövsümündə “Fənərbaxça”nın baş məşqçisi də olub və komandaya Türkiyə Super Kubokunu qazandırıb.