“Fənərbaxça” Umur Nayir və Samet Akaydını icarəyə göndərdi

Türkiyənin “Fənərbaxça” klubu iki futbolçusunu – hücumçu Umut Nayir və mərkəz müdafiəçisi Samet Akaydını icarəyə verib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Umut Nayir bu mövsümün sonuna qədər Super Liqanın digər təmsilçisi “Pendikspor”da oynayacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Xatırladaq ki, Umut Nayir ötən 2023-cü ilin yayında “Eyüpspor”dan azad agent kimi “Fənərbaxça”ya keçmişdi. 30 yaşlı forvard İstanbul nəhənginin heyətində ümumilikdə 13 oyuna çıxsa da, fərqlənə bilməyib. Türkiyəli hücumçu karyerası ərzində “Ankaragücü”, “Göztəpə”, “Girəsunspor”, “Ümraniyəspor”, “Beşiktaş”, “Buraspor”, “Hayduk” (Split), “Yeni Malatyaspor” və “Osmanlıspor” klublarında da forma geyinib. O, Türkiyə milli komandasında da 4 oyun keçirib, 1 qola imza atıb.

Türkiyə millisinin üzvü olan Samet Akaydın da Yunanıstanın “Panatinaikos” klubuna keçib. 29 yaşlı futbolçu satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürülüb.

Xatırladaq ki, “Panatinaikos”un baş məşqçisi Türkiyə millisinin və “Qalatasaray”ın sabiq çalışdırıcısı Fatih Terimdir. Samet Akaydının da məhz onun istəyi ilə Afina klubuna gətirildiyi bildirilir.

Samet Akaydın 2023-cü ilin əvvəlində 3,7 milyon avro qarşılığında “Adana Dəmirspor”dan “Fənərbaxça”ya transfer olmuşdu. O, İstanbul təmsilçisində 34 oyuna çıxıb. Akaydın “Sancaktepe”, “Adana Dəmirspor”, “Keçiörengücü”, “Şanlıurfaspor”, “Arsinspor” kimi klubların da formasını geyinib. Müdafiəçi Türkiyə millisində də 4 oyun keçirib.

Yeri gəlmişkən, Almaniyanın “Köln” klubunun sağ cinah vingeri Dimitrios Limnios da “Panatinaikos”a keçib. Yunanıstandan olan 25 yaşlı futbolçu azad agent kimi qoşulduğu yeni klubu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqavilə bağlayıb.

Limnios daha öncə “Atromitos”, PAOK və “Tvente”də də oynayıb. O, “Köln”də 15 oyun keçirsə də, fərqlənə bilməyib. Yunan futbolçu ölkəsinin milli komandasında 25 matç keçirib, 3 qola imza atıb.