“Fənərbaxça”da prezident seçkilərinin tarixi bəlli oldu

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbaxça” klubunda yeni prezident seçkilərinin tarixi bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, İstanbul klubunda prezidentlik seçkiləri iyun ayında keçiriləcək. Namizədlərin kimliyinə dair ilkin ehtimallar olsa da, dəqiq siyahı hələ məlum deyil.

Qeyd edək ki, “Fənərbaxça”da prezidentlik seçkiləri hər 3 ildən bir keçirilir. 2018-dən bəri bu kluba Ali Koç prezident edir. Bu ilin fevral ayında keçirilən mətbuat konfransında Koç seçkilərin keçiriləcəyinin xəbərini vermişdi.

Yeni prezident seçkilərində namizədlər siyahısında Aziz Yıldırım və Sadettin Saranın da yer alacağı ehtimal olunur. Hətta Sadettin Saran seçki səbəbilə İTO-dan (İstanbul Ticarət Odası) istefa verib. O, bunun İstanbul klubundakı işləri ilə bağlı olduğunu gizlətməyib:

“Bu məqamda “Fənərbaxça” İdman Klubunun prezidentliyinə namizədliyimlə bağlı işlərə görə təəssüf hissi ilə İTO şurasını tərk etməliyəm. Sizinlə sağollaşarkən bildirmək istəyirəm ki, burada gördüyüm səmimiyyəti heç vaxt unutmayacağam. Əziz dostlar, komandamla birlikdə “Fənər”i çempion etmək üçün yola çıxırıq. Bu məqsədlə təkcə “Fənərbaxça”nın deyil, Türkiyə idmanının və olimpiya idmançılarımızın uğurları üçün çalışacaq, ölkəmizin adını Avropada və olimpiadalarda ən yaxşı şəkildə təmsil etmək üçün plan və arzularla işimizi davam etdirəcəyik”.

Xatırladaq ki, “sarı-lacıvərdlilər” bu mövsüm Türkiyə Super Liqasında uğurlu çıxışı ilə seçilir. Bu komanda 29 oyuna topladığı 76 xalla lider “Qalatasaray”dan cəmi 2 xal geri qalır.

Bahar Rüstəmzadə