Bu ilin yayında Türkiyənin “Fənərbaxça” klubundan ayrılan braziliyalı hücumameylli yarımmüdafiəçi Joao Pedro özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 32 yaşlı hücumçu bundan sonrakı karyerasını İngiltərədə davam etdirəcək.
O, Türkiyədən olan tanınmış iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti”yə keçib. Bu barədə Çempionşip təmsiçlisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar.
Xatırladaq ki, “Fənərbaxça” Joao Pedronu 2022-ci ilin iyul ayında İtaliyanın “Kalyari” klubundan 4,6 milyon avroya transfer etmişdi. Həmin vaxt tərəflər 3 illik müqaviləyə imza atmışdılar. Bir sözlə, Pedronun sözləşməsinin müddəti cari mövsümün sonunda başa çatmalı idi. Lakin bu ilin yayında tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi açıqlanmışdı.
Joao Pedro “Fənərbaxça”nın heyətində 28 oyuna çıxıb. O, bu oyunlarda 5 qol vurub, 1 məhsuldar ötürmə verib. 2023-cü ilin avqustunda isə Türkiyə klubu onu Braziliya “Qremio”suna icarəyə vermişdi. Futbolçunun icarə müddəti bu yay başa çatsa da, Joao “Fənərbaxça”nın düşərgəsinə qayıtmamışdı. Klubun braziliyalı yarımmüdafiəçi ilə vidalaşmasına da məhz onun bu davranışı səbəb olub.
Joao Pedro peşəkar karyerasına “Atletiko Mineyro”da başlayıb. 2010-cu ildə “Palermo”nun transfer etdiyi oyunçu, İtaliya klubunda möhkəmlənə bilmədiyi üçün əvvəlcə “Vitoriya Gimaraynş”, daha sonra “Penyarol” klublarına icarəyə verilib. 2012-2013-cü illərdə “Santos”da çıxış edən yarımmüdafiəçi, bir mövsüm “Eştoril”də də çıxış edib. Təcrübəli futbolçu 2014-cü ildən “Fənərbaxça”ya keçənə qədər “Kalyari”nin uğurları üçün çalışıb. İtaliya vətəndaşlığı da olan futbolçu, bu ölkənin əsas millisində cəmi 1 oyun keçirib.