“Fərdi səhvlərlə məğlubiyyətimizi asanlaşdırırıq” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Oyunun gərgin keçəcəyini bilirdik. Hava şəraiti və Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirdiyimiz oyunların nəticələri bizim üçün əlverişli deyildi. Rəqibin zəif və güclü tərəfləri dəqiqliklə, hətta artıqlaması ilə çatdırılmışdı. İlk hissədə bizim də qol epizodlarımız oldu. Topları fərdi səhvlərdən buraxdıq. İkinci hissə başlayan kimi isə Peyman Keşavarz qırmızı vərəqə aldı. Məncə, baş hakim Vüqar Həsənlinin bu qərarı sərt oldu. Çünki həmin vaxt Peymandan arxada 5 oyunçu var idi. Kubok oyununda da hakim səhvləri oldu. Amma bunun üzərində çox dayanmaq istəmirəm. Bu gün də sarı və qırmızı vərəqələr çox oldu. Bununla bağlı komanda ilə danışacaq və hətta ola bilsin, bəzi futbolçulara ciddi xəbərdarlıq edəcəyəm. Hakimlər barədə çox danışmaq fikrim yoxdur. Sadəcə, oyunun axarında uduzursansa, psixoloji durum aşağı enir. Bu halda komandanı kökləmək olduqca çətinləşir. Rəqib layiqli qələbə qazandı”.

Baş məşqçi məğlubiyyətə müdafiədəki səhvlərin xeyli çoxalmasını səbəb göstərib. Onun sözlərinə görə, mövsümün ikinci hissəsində buraxdıqları qollar xeyli çox olub: “Geniş heyətimizin olduğunu düşünmürəm, rotasiya etmək olmur. Məğlubiyyət bizi ayıltmalıdır. Gələcəkdə səhvləri azaltmağa çalışacağıq. Kubokda mübarizəni dayandırmağımızın bizə psixoloji təsir etdiyini deməzdim. Oyunun əvvəllərində iki qol epizodumuzdan yararlansaydıq, nəticənin necə alınacağını bilmək olmazdı. Biz fərdi səhvlərlə məğlubiyyətimizi asanlaşdırırıq. Sonradan isə əvəzini çıxmağa futbolçularımızın ustalıq səviyyəsi çatmır. İlk hissədə 0:2 hesabı ilə uduzduqdan sonra oyunu çevirmək çətin oldu”.

Hacıyev uzatma dəqiqələrində Kamran Ağayevə birbaşa qırmızı vərəqə göstərməklə də baş hakimin doğru qərar vermədiyini vurğulayıb: “Orada sonuncu ümid folu yox idi. Kobud oyuna görə meydandan qovulubsa, bununla bağlı fikir bildirmək çətindir. Artıq oyunun sonu idi, meydanda qalması belə nəticəyə təsir etməyəcəkdi. Bu barədə fikir bildirmək istəmirəm. Kamranın futbola qayıtmasının özü böyük hadisədir”.