Fərhad Rəcəbli 9-cu dəfə Avropa çempionu oldu

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli usta cüdoçular arasında keçirilən Avropa çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, bu gün Sloveniyanın Podçetrtek şəhərində usta cüdoçular arasında Avropa çempionatına start verilib.

İlk yarış günündə M5, M6 və M7 yaş kateqoriyaları üzrə Azərbaycanın 9 cüdoçusu medallar uğrunda mübarizə aparıb. Veteran cüdoçularımız ilk gündə 1 qızıl və 1 bürünc medal qazanıblar.

M7 kateqoriyası üzrə -90 kq çəki dərəcəsində mübarizə aparan veteran cüdoçumuz Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, idmançımızın usta cüdoçular arasında Avropa çempionatlarında qazandığı 9-cu qızıl medal olub.

M6 yaş kateqoriyası üzrə +100 kq. çəkidə yarışan cüdoçumuz Qabil Qasımov isə bürünc medala layiq görülüb.

Xatırladaq ki, 37 ölkədən 669 idmançının qatıldığı çempionatda Azərbaycan 7 yaş kateqoriyası üzrə bütövlükdə 36 idmançı ilə təmsil olunur. Veteranlardan ibarət komandamız bu yarışda baş məşqçi Fərhad Rəcəblinin rəhbərliyi altında çıxış edir.

Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alır.