Fərid Cəlalov voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Mütəxəssis AVF-nin İdarə Heyətinin geniş iclasında bu posta təyinat alıb. Tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri, klub rəhbərləri, məşqçilər, həkimlər, hakimlər və federasiyanın digər əməkdaşları iştirak ediblər.
Şahin Bağırov iclası açaraq qonaqları salamlayıb, müzakirəyə çıxarılacaq məsələlər haqqında məlumat verib. Daha sonra Fərid Cəlalov yığmamızın may-iyun aylarında keçiriləcək Qızıl Avropa Liqasına hazırlıq planını təqdim edib.
Sonra yeniyetmə və gənc qızlardan ibarət yığmaların rəhbəri Şahin Çatma komandaların qarşıdakı yarışlara hazırlıq planlarını təqdim edib. Həmçinin yeniyetmə və gənc oğlanlardan ibarət millilərə yeni rəhbər təyin olunan Cahangir Seyed Abbasi təqdim olunub. İranlı mütəxəssis gənclərin seçimi və yarışlara hazırlıqla bağlı proqramı təqdim edib.
İclasda Faiq Qarayev və Bəhruz Quliyev çıxış edərək, yeni təyinatlar və müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.