“FF Group” Şirkətinin təsisçisi Fərid Fərhadzadə Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti seçilib. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu gün – martın 30-da Azərbaycan Triatlon Federasiyasının ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil edilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Federasiyanın iki gün öncə istefa vermiş prezidenti Elçin Əliyev hesabat məruzəsi ilə çıxış edib. Səsvermə nəticəsində sabiq prezidentin hesabatı qəbul olunub.
Sonra federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər müzakirə edilərək qəbul olunub. Ardınca yeni seçki keçirilib. “FF Group” Şirkətinin təsisçisi Fərid Fərhadzadə Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti seçilib.
Xatırladaq ki, F.Fərhadzadə 2022-ci ildə İtaliyada keçirilmiş beynəlxalq yarışda uğurla çıxış edərək “Dəmir adam” (“Full İronman”) titulunu qazanıb. Yeni seçilmiş federasiya prezidenti çıxış edərək bildirib ki, bundan sonra bu idman növünün inkişafı üçün əlindən gələni edəcək. O həmçinin federasiyanın bundan əvvəlki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib.
Yığıncaqda həmçinin Fəxri Əkbərov və Adilə Süleymanova Azərbaycan Triatlon Federasiyasının İdarə Heyətinə yeni üzv seçiliblər.
Sonda onu da xatırladaq ki, Elçin Əliyev 2021-ci il dekabrın 21-də Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilmişdi. Ona qədər Azərbaycan Triatlon Federasiyasına Azər Məhərrəmov rəhbərlik edirdi.