Azərbaycan Premyer Liqasında geridə qalan mövsümü 8-ci pillədə bitirən “Kəpəz” Yusif və Fərid Nəbiyev qardaşları ilə vidalaşıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müdafiəçi Yusif və yarımmüdafiəçi Fərid ilə müqavilənin müddəti bitib. Bu üzdən də onlar “Kəpəz”dən ayrılıblar.
Son mövsümdə 34 oyuna çıxan Yusif Nəbiyev 2 qol vurub və 2 assist edib. Yusif “sarı-göylər”i kapitan kimi də meydana çıxarıb.
Çempionatda 30 oyuna çıxan Fərid Nəbiyev isə 4 dəfə fərqlənməklə 7 qolun da ötürməsini verib.
Gəncə klubu xidmətlərinə görə Nəbiyevlərə təşəkkür edib, gələcək karyeralarında onlara uğurlar arzulayıb.
Xatırladaq ki, Yusif Nəbiyev artıq “Səbail”ə keçib və yeni klubu ilə 1 illik rəsmi müqaviləyə imza atıb. Fəridin karyerasını harada davam etdirəcəyi isə hələ tam dəqiqləşməyib. Yarımmüdafiəçinin “Turan Tovuz”a keçmək ehtimalı var.
