Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 3-cü tur çərçivəsində doğma meydanda “Pribram”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0. Bu, əvvəlki iki oyundan məğlubiyyətlə ayrılmış Jijkov təmsilçisinin ilk qələbəsidir.
Fərid Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib.
Komandasının ilk qolunu da məhz Fərid vurub. O, 58-ci dəqiqədə fərqlənib. Bu, azərbaycanlı futbolçunun yeni mövsümdəki ikinci qoludur.
“Viktoriya” 3 turdan sonra 3 xalla 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.