“Fənərbaxça” onun transfer hüquqlarını da aldı

Türkiyənin “Fənərbaxça” klubu “Göztəpə”dən satınalma şərti ilə icarəyə götürdüyü qapıçı İrfan Can Eğribayatın transfer hüquqlarını alıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

24 yaşlı qolkiper 2022-ci ilin avqustunda “Göztəpə”dən satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülmüşdü. Onun çıxışından razı qalan İstanbul klubunun rəhbərliyi 1,2 milyon avro ödəməklə qolkiperi birdəfəlik heyətə qatıb. İrfan Canla 4 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb.

Xatırladaq ki, bu qapıçı geridə qalan mövsümdə “sarı-lacıvərdlilər”in heyətində 13 oyuna çıxıb, 13 qol buraxıb. Onun hesabında 4 “quru” oyun da var.

İrfan Can Eğribayat “Adanaspor”un yetirməsidir. O, 2020-ci ildə məhz bu klubdan “Göztəpə”yə transfer olunmuşdu. İzmir təmsilçisinin əsas qapıçısı olan İrfan, Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Yeri gəlmişkən, “Fənərbaxça” gənc ulduzu Arda Gülerin müqaviləsini avtomatik olaraq 2025-ci ilin yayına qədər uzadıb. Buna tərəflər arasındakı mövcud müqavilədə müvafiq bənd imkan yaradıb. İstanbul klubu bununla bağlı müvafiq məlumatı Türkiyə Futbol Federasiyasına təqdim edib.

Xatırladaq ki, İstanbul klubunun öz yetirməsi olan Arda Güler əsas komandada 2021-ci ildən forma geyinir. 18 yaşlı yarımmüdafiəçi indiyə qədər meydana çıxdığı 51 oyunda 9 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. O, geridə qalan mövsümdə İrfan Canla birlikdə komandası ilə Türkiyə Kubokunun qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: