Fərid Namazov “İmişli”dən qovuldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” komandasının baş məşqçisi Fərid Namazov istefaya göndərilib.

Arena.az bu barədə əyalət təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, gənc mütəxəssislə 1 illik müqaviləyə vaxtından əvvəl xitam verilib. Klub Namazova fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Fərid Namazov yayda portuqaliyalı Xorxe Kaşkilyanın əvəzində “İmişli”nin baş məşqçisi təyin edilmişdi. 34 yaşlı mütəxəssis bu müddət ərzində komandanı 7 oyuna çıxarıb, 1 qələbə, 1 heç-heçə və 5 məğlubiyyət görüb. Klub rəhbərliyi də məhz uğursuz nəticələr səbəbindən onu istefaya göndərib. Gənc mütəxəssisin kiminlə əvəzlənəcəyi isə hələ məlum deyil.

Qeyd edək ki, Namazov “İmişli”yə yad sima deyil. Bu komanda 2024/2025-ci illər mövsümündə məhz onun rəhbərliyi altında Azərbaycan Premyer Liqasına vəsiqə qazanmışdı. Lakin klub rəhbərliyi o zaman Namazovun əvəzində baş məşqçi postuna əcnəbi mütəxəssis gətirməyə qərar vermişdi.

UEFA PRO kateqoriyalı mütəxəssis karyerası ərzində “Qarabağ”, “Səbail”, Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: