Futbol üzrə İtaliya yığmasının sabiq müdafiəçisi Fabio Kannavaro “Benevento” komandasının baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
49 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Lakin İtaliya mətbuatı tərəflərin 2 illik müqaviləyə imza atdığını yazıb.
Qeyd edək ki, ötən mövsümün yekununda A Seriyası ilə vidalaşan “Benevento” hazırda B Seriyasında mübarizə aparır. Sözügedən komanda cari mövsümdə keçirdiyi 6 oyunda cəmi 7 xal toplaya bilib və 13-cü sırada qərarlaşıb.
Fabio Kannavaro məşqçiliyə 2013-cü ildən başlayıb. O, həmin vaxt Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” komandasında köməkçi məşqçi kimi çalışıb. 2014-cü ilin noyabrında isə gənc mütəxəssis Çinin “Quançjou” komandasının baş məşqçisi təyin olunub. 2015-ci ilin iyununda bu klubdan ayrılan Kannavaro, oktyabrda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasını çalışdırmağa başlayıb. Onun buradakı fəaliyyəti 2016-cı ilin fevralına kimi olub. İtaliyalı məşqçi 2016-cı ilin iyununda Çinin “Tianjin Quanjian” komandasının “sükanı arxasına” keçib. 2017-ci ilin noyabrında isə o, bu klubdan ayrılaraq sabiq komandasına – “Quançjou”ya qayıdıb. Kannavaro ötən ilin sentyabrında bu komandan tərk edəndən bəri işsiz idi. O, bu klubda çalışdığı dönəmdə qısa müddət (2019-cu ilin 15 mart – 29 aprel aralığında) Çin yığmasına da rəhbərlik edib.
Kannavaro baş məşqçi kimi ilk dəfə öz ölkəsində, ümumiyyətlə Avropada fəaliyyətə başlayır. İtaliya yığmasının heyətində DÇ-2006-nın qalibi olan keçmiş futbolçu, “Napoli”, “Parma”, “Yuventus”, “İnter” və “Real” kimi klubların da formasını geyinib.