Madrid “Real”ının sabiq müdafiəçisi Fabio Kannavaro bu komandanın Çempionlar Liqasının cari mövsümündəki perspektivlərindən söhbət açıb.
Arena.az Kannavaronun bu barədə fikrini təqdim edir:
“Real”ın DNT-sində UEFA Çempionlar Liqası var, amma bu yeni tərtibatla… kim bilir. Bəlkə də bu mövsüm, onların çox da uzağa getmədiyi mövsümlərdən biri olacaq”, deyə Kannavaro vurğulayıb.
Kannavaro sıx təqvimdə problem görmür
Fabio Kannavaro müasir futbolçuların sıx oyun təqvimində ağır iş yükündən də söhbət açıb. Keçmiş futbolçunun bu barədə fikrini təqdim edirik:
“Məşğul bir təqvim mənfəətlə mütənasibdir. Çox pul qazanmaq istəyirsənsə, çox oynamalısan. Amma futbolçu karyerası cəmi 10-11 il çəkir, ondan sonra ömür boyu istirahət edə bilərsən”, deyə Kannavaro fikrini açıqlayıb.
Xatırladaq ki, Kannavaro “Napoli”nin yetirməsidir. Futbolçu ikən Kannavaro “Parma”, “İnter”, “Yuventus” və “Real”da çıxış edib. Məşhur müdafiəçi 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Şabab Əl-Əhli” klubunda futbolçu karyerasına xitam verib.
Fabio Kannavaro “Parma” ilə İtalya Kubokunun (2 dəfə), İtaliya Super Kubokunun və UEFA Kubokunun qalibi olub. İtalyan müdafiəçi “Yuventus”la İtaliya A Seriyasının 2 dəfə (2004/2005, 2005/2006) qalibi olsa da, 2006-cı ildə İtaliya futbolunda baş vermiş korrupsiya qalmaqalı – “Kalçopoli” ilə əlaqədər, “qoca sinyora” qazandığı hər iki çempionluğundan məhrum edilib. Kannavaro həmçinin “Real”la İspaniya La Liqasının (2 dəfə) və İspaniya Super Kubokunun qalibi olub. Müdafiəçi İtaliya yığması ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatını (DÇ-2006) qazanıb. O, elə həmin il, futbolda ən nüfuzlu fərdi mükafat – “Qızıl top” mükafatına layiq görülüb.
Məşqçilik fəaliyyətinə 2013/2014-cü illərdə “Şabab Əl-Əhli”də məşqçi köməkçisi kimi başlamış Kannavaro, 2014/2015-ci illər mövsümündə Çinin “Quançjou” komandasında sərbəst məşqçilik fəaliyyəti ilə məşğul olub. Kannavaro həmçinin Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, Çinin “Tyantszin Tyanxay” komandalarını çalışdırıb. 2019-cu ildə Kannavaro Çin yığmasının sükanı arxasına keçib, həmin il də “əjdaha komandası”nın sükanını təhvil verib. Vətəni İtaliyaya qayıtmış Kannavaro “Benevento” və “Udineze”nin baş məşqçisi olub.
Kannavaro “Tyantszin Tyanxay” ilə Çin Birinci Liqasının (2016) qalibi olub. O, həmçinin “Quançjou” ilə Çin Super Liqasını (2019) və Çin Super Kubokunu (2018) qazanıb.
Məşqçi kimi fərdi uğurlara gəlincə, Kannavaro Çin Futbol Assosiasiyası (CFA) tərəfindən 2017-ci ildə “İlin məşqçisi” mükafatına layiq görülüb.