Fabio Kapello: “Bu, Daniele De Rossi üçün əla fürsətdir”

İtalyan mütəxəsissis Fabio Kapello Daniele De Rossinin “Roma”ya baş məşqçi təyin edilməsinə münasibətini bildirib.

Arena.az “Football Italia” dərgisinə istinadən, Kapellonun bu barədə fikirlərini diqqətinizə çatdırır:

“Bu, böyük bir sıçrayışdır. O, çətinliklərlə çarpışan komandaya rəhbərlik edir. Hazırda mövcud cəmi 13 oyunçu ilə rəqabətədavamlı heyət qurmaq çətindir, amma bu, əlbəttə ki, De Rossi üçün əla fürsətdir.

Mən də SPAL ilə başlamışam, ona görə də ortaq cəhətlərimiz var. İndi çətin hissə gəlir: o, oyunçuları kökləməli və onların şüuruna nüfuz etməli, onların əsl komanda olduğunu sübut etməlidir”, deyə Kapello bildirib.

Xatırladaq ki, “Roma” Daniele De Rossinin baş məşqçi vəzifəsinə təyinatını dünən, yanvarın 16-da açıqlayıb. Bundan əvvəl paytaxt klubunun rəhbərliyi portuqal mütəxəssis Joze Mourinyo ilə yollarını gözlənilmədən ayırmışdı.

“Roma” De Rossinin qarşısında klubun cari mövsümə iddialarını həyata keçirmək vəzifəsini qoyub – A Seriyasında avrokuboklara vəsiqə uğrunda mübarizə, beynəlxalq arenada bacardıqca uzağa getmək. “Canavarlar” bu mövsüm İtaliya çempionatında 20 oyuna topladıqları 29 xalla 9-cu pillədə qərarlaşıblar.

Sonda onu da qeyd edək ki, Fabio Kapello 1999-cu ilin iyun ayından 2004-cü ilin mayına kimi “Roma”ya rəhbərlik edib. “Canavarlar” sonuncu İtaliya çempionluğunu da vaxtilə məhz Kapellonun rəhbərliyi altında, 2000/2001 mövsümündə qazanıblar.

Hazırda 77 yaşı olan Kapello məşqçilik karyerası ərzində “Milan”, “Real”, “Yuventus”, “Jiangsu Suning” kimi klublara, İngiltərə və Rusiya milli komandalarına da rəhbərlik edib.