Fabio Kapello “Milan”ın müdafiəsini tənqid etdi

Məşhur italyan mütəxəssis Fabio Kapello “Milan”dan bütün oyunçuları qovaraq, ikicə futbolçunu saxlamağı düzgün hesab edir.

Arena.az Kapellonun müvafiq qənaətini təqdim edir:

“Əgər mən məşqçinin yerinə olsaydım, heyətdə ancaq Kristian Pulişiçi və Ticani Reyndersi saxlayardım. Qalanlarından isə bu və ya digər səbəblərdən çıxışa yönəlməyi xahiş edərdim”, deyə təcrübəli məşqçi vurğulayıb.

İtalyan mütəxəssis “Milan”ın müdafiə xəttini də tənqid edib:

“Paulo Fonsekanın dövrü ilə müqayisədə, mən “Milan”ın müdafiədəki oyununda ümumiyyətlə heç bir yaxşılaşma görmürəm”, deyə Fabio Kapello vurğulayıb.

Təcrübəli məşqçi “Milan”ın cari mövsümdə uğur qazanacağına inanmadığını da qeyd edib:

“Yaranmış bu mənzərədə “Milan”ın bizi necəsə təəccübləndirəcəyinə inanmaq çox çətindir”.

“Milan”ın italyan keçmiş yarımmüdafiəçisi Rikkardo Montolivo da bu komandanın cari mövsümdəki çıxışına toxunub. O, “rossoneri”ni düşdüyü girdabdan qurtaracaq mütəxəssisin adını da açıqlayıb:

“Milan” çoxlu keyfiyyətlərə malikdir, amma onlar bunu təzahür etdirə bilmirlər. Əgər Antonio Konte “Milan”ın baş məşqçisi olsaydı, “rossoneri”nin yarış cədvəlindəki mövqeyi fərqli olarardı”, deyə Montolivo bildirib.

Xatırladaq ki, hazırda italyan mütəxəssis Antonio Konte “Napoli”ni çalışdırır və “eşşəkcilər” 29 oyundan 64 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. “Milan” isə 47 xalla 9-cu pillədədir.