“Real”ın və Argentina yığmasının əfsanəvi hücumçusu Xorxe Valdano və italyan məşqçi Fabio Kapello Cud Bellingem haqda xoş sözlər paylaşıblar.
Arena.az məlumat verir ki, “Real”ın ingilis mərkəz yarımmüdafiəçisinin oyunu müqabilində ünvanına yağan təriflərin ardı-arası kəsilmir.
“Cud demək olar ki, top itirmir, o, bütün tərəfdaşları ilə ilahi səviyyədə qarşılıqlı anlaşır. O, meydanda olanda qərarlar çox aydınlıqla qəbul edilir.
Məni ən çox təəccübləndirən onun 20 yaşındakı zəkasıdır. O, sayəsində futboldan həzz almağa sövq edən oyunçulardandır. Cud çox zərifdir, hündürdür, geniş addımları ilə… O, açıqcadan olan futbolçuya oxşayır”, – “Marca” Xorxe Valdanonun sözlərini sitat gətirir.
Fabio Kapello da Bellingemin oyununa valeh olub:
“Bellingem öz dəyərini sübut etdi. O, həqiqətən də, Ançelottinin dediyi kimi, yetkin, yetişmiş oyunçudur. Karlo tamamilə haqlı idi, gündən günə Cud ancaq yaxşılaşır. Mənə gəlincə, hazırda bu futbolçu qarşısıalınmazdır. O, yaxşı oyunçuya xas bütün vacib keyfiyyətlərə malikdir: driblinq, zərbələr və sürət”, – “Mundo Deportivo” Kapellodan sitat gətirir.
Xatırladaq ki, Cud Bellingem “Real”a cari ilin yay transfer pəncərəsi zamanı, iyul ayında Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib və üstəlik, almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Yenicə başlamış cari mövsümdə Bellingem “Real”ın heyətində 9 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə verib.
Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 26 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 120 milyon avro məbləğində qiymətləndirir.