Fabio Karvalyo “Liverpul”u tərk etdi – “Brentford”a görə

“Liverpul”un portuqal hücumameylli yarımmüdafiəçisi Fabio Karvalyo bundan sonra “Brentford”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Premyer Liqa klubunun rəsmi saytına istinadən məlumat verir.

Bu transfer “Brentford”a 23,4 milyon avroya başa gəlib. 21 yaşlı futbolçu yeni klubu ilə 5+1 illik müqaviləyə imza atıb.

Fabio Karvalyo “Benfika”nın yetirməsidir. O, yeniyetmə ikən azad agent qismində “Fulhem”in futbol akademiyasına keçib və burada yetişib. “Liverpul”un maraq dairəsinə düşmüş portuqal yarımmüdafiəçi 2022-ci ilin iyulunda 5,9 milyon avro müqabilində “qırmızılar”ın düşərgəsinə transfer edilib. Düz 1 il sonra isə icarə əsasında “Leypsiq”ə göndərilib. Ötən mövsümün ikinci dövrəsində isə o, “Hall Siti”də icarədə olub.

Fabio “Leypsiq”lə Almaniya Super Kubokunu (2023/2024) qazanıb. Həmçinin portuqal futbolçunun muzeyində “Liverpul”la qazandığı İngiltərə Super Kuboku (2023) və 2021/2022 mövsümündə “Fulhem”lə əldə etdiyi Çempionşip çempionluğu var.

Fabio Karvalyo gənc ikən İngiltərə və Portuqaliya yığmaları arasında seçim etməli olub. Yeniyetməliyi dövründə İngiltərənin U-15, U-16, U-17, U-18 yığmalarında oynayan Fabio, daha sonra Portuqaliya yığmasının düşərgəsinə keçərək, vətəni üçün oynamağa qərar verib. Hələ Portuqaliyanın əsas yığmasına dəvət almasa da, Fabio U-21 yığmasında debüt edib.

“Liverpul” mərkəz müdafiəçisi Lyuk Çembersi də “Uiqan”a icarəyə verib. 20 yaşlı futbolçu qarşıdakı mövsümün sonunadək icarədə olacaq. İngilis futbolçu ötən mövsümün ikinci dövrəsində də bu klubda icarədə olub. 2023-cü ildə isə Çembers icarə əsasında “Kilmarnok”un uğurları üçün çalışıb. “Liverpul”un futbolçusu İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da forma geyinib.

“Brentford” da bir neçə oyunçusu ilə yollarını ayrıb. Yarımmüdafiəçi Şandon Baptiste azad agent kimi “Luton Taun”a, müdafiəçi Çarli Qud isə “Steveneyc”ə keçib.

Qapıçı Tomas Strakoşa da azad agent kimi Yunanıstanın AEK (Afina) klubuna üz tutub. 29 yaşlı albaniyalı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

Xəbəri istədiklərinizlə paylaşın