Fabio Qrosso getdi, yeni baş məşqçinin adı açıqlandı

İtaliya A Seriyasında mübarizə aparan “Frozinone”də baş məşqçi Fabio Qrosso ilə yollar ayrılıb, onu Eusebio Di Françesko əvəz edib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Fabio Qrosso ilə müqavilənin müddəti iyunun 30-da başa çatıb və klub rəhbərliyi onu saxlamağa ehtiyac duymayıb. O, 2021-ci ilin martından rəhbərlik etdiyi bu komandanı 86 oyuna çıxarıb – 42 qələbə, 24 heç-heçə, 20 məğlubiyyət. 45 yaşlı mütəxəssis daha öncə “Sion”, “Breşiya”, “Verona” və “Bari”də də baş məşqçi olub.

Yeni baş məşqçi Eusebio Di Françesko ilə də 1 illik müqavilə imzalanıb. Onun sonuncu iş yeri 2021-ci ildə çalışdırdığı “Verona” olub. 53 yaşlı mütəxəssis “Kalyrari”, “Sampdoriya”, “Roma”, “Sassuolo”, “Leççe” və “Peskara”da da baş məşqçi işləyib.

Yeri gəlmişkən, “Frozinone” Gürcüstanın “Kolxeti” klubunun sol cinah vingeri Georgi Kvernadzeni heyətinə qatıb. 20 yaşlı gürcü futbolçu satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb. Gənc yarımmüdafiəçi ölkəsində “Telavi”, “Saburtalo” və Batumi “Dinamo”sunda da forma geyinib, hazırda Gürcüstanın U-21 yığmasına dəvət alır.

“Frozinone” Almaniya çempionu “Bayern”dən bu yay azad agent kimi ayrılmış gənc hücumçu Marvin Çunini də transfer edib. 21 yaşlı alban forvardla 3 illik sözləşmə imzalanıb. O, daha öncə Almaniyada “Sonnenhof Qrossbax”, “Saarbrüken”, “Paderborn” kimi klubların da formasını geyinib, “Bayern”də isə aşağı yaş qrupları üzrə komandalarda oynayıb.

İtaliya klubu müdafiəçisi Antoni Oyono ilə də yeni müqavilə bağlayıb. Qabon əsilli 22 yaşlı fransalı futbolçu ilə 4 illik sözləşmə imzalanıb. O, 2022-ci ilin yanvarında Fransa “Bulon”undan İtaliya klubuna gəlib, bu komandada 16 oyuna 2 məhsuldar ötürmə müəllifi olub.

“Frozinone”də sol cinah müdafiəçisi Matteo Kotali (26 yaş) “Modena”ya, sağ cinah vingeri Luiqi Kanotto (29 yaş) “Recina”ya keçib. Avstriyadan olan 25 yaşlı yarımmüdafiəçi Marko Bojiç də İtaliya klubundan ayrılaraq Sloveniya “Maribor”u ilə müqavilə bağlayıb.