Fabio Qrosso Lion “Olimpik”indən qovuldu

Liqa 1-də mübarizə aparan Lion “Olimpik”inin baş məşqçisi, italyan mütəxəssis Fabio Qrosso tutduğu vəzifədən azad edilib.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən məlumat verir.

Klub rəhbərliyi komandanın qeyri-qənaətbəxş nəticələrinə görə müvafiq qərar qəbul etdiyini açıqlayıb. 46 yaşlı çalışdırıcının əvəzinə hazırda Lion təmsilçisinin futbol akademiyasında çalışan Pyer Seyc baş məşqçi əvəzi təyin edilib.

Xatırladaq ki, Fabio Qrosso cari il sentyabrın 16-dan Lion “Olimpik”ində çalışdırmağa başlamışdı.

Vurğulayaq ki, əvvəllər Qrosso futbolçu karyerasının iki ilini (2007-2009) “Olimpik”də keçirib.

2012-ci ildə, butslarını asılqandan asdıqdan sonra Qrosso məşqçilik fəaliyyətinə başlayıb. İtalyan mütəxəssis “Yuventus”un gənclər komandasını, həmçinin “Bari”, “Verona”, “Breşiya”, “Syon” və ötən mövsümün sonunda B Seriyasının çempionluğunu qazandırdığı “Frozinone” komandalarını çalışdırıb.

Hazırda Lion “Olimpik”i Liqa 1-in 12 turundan sonra 7 xalla turnir cədvəliin sonuncu pilləsində qərarlaşıb.