İngiltərənin “Vulverhempton” klubu hücumçusu Fabio Silva ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir. Fabio klubu ilə yeni müqavilə imzaladıqdan sonra “Anderlext”ə icarəyə göndərilib. Portuqaliyalı futbolçu qarşıdakı mövsümün sonuna kimi Belçika təmsilçisinin uğurları üçün çalışacaq.
Fabio Silva 2020-ci ilin sentyabrında, 40 milyon avro qarşılığında “Portu”dan transfer olunub. Bu, “Vulverhemton”un yaranandan bəri bir futbolçu üçün ödədiyi ən yüksək məbləğdir. Gənc futbolçu İngiltərə klubunun əsas komandasında meydana çıxdığı 63 oyunda 4 qol vurub. O, həm də Portuqaliyanın U-21 yığmasının üzvüdür.
“Vulverhemton” digər gənc futbolçusu Teylor Perrini də “Çeltnem Taun”a icarəyə verib. 21 yaşlı yarımmüdafəçi də qarşıdakı mövsümün sonuna kimi bu komandada forma geyinəcək. O, ötən mövsüm də “Çeltnem Taun”da çıxış edib və 14 oyuna 1 qol vurub.