Fabiyan Buntiç “Qarabağ”da – Rəsmi

Almaniya vətəndaşlığına da malik xorvat qapıçı Fabiyan Buntiç bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, “Qarabağ” bu gün yeni mövsüm üçün ilk transferini reallaşdırıb. Ağdam klubu qapıçı Fabiyan Buntiçi heyətə cəlb edib.

Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiperlə 3 illik müqavilə imzalanıb. “Qarabağ”ın yeni transferi 2027-ci ilin 30 iyununa qədər bu komandada çıxış edəcək.

Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bu komandanın heyətində 67 oyuna çıxıb, 104 qol buraxıb, 18 matçda qapısını toxunulmaz saxlayıb.

Almaniyanın “Ştutqart” klubunun yetirməsi olan Fabiyan Buntiç “Vizela”dan öncə peşəkar karyerasına başladığı “İnqolştadt”da da forma geyinib.

Xatırladaq ki, Ağdam klubunun yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.

Qeyd edək ki, Buntiçin “Vizela” ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı. Bu üzdən Ağdam klubunun Portuqaliya təmsilçisinə nə qədər təzminat ödədiyi maraq doğurur.

“Transfermarkt” internet-portalı 27 yaşlı qapıçının transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Qarabağ” daha öncə Bəhlul Mustafazadə, Nəriman Axundzadə və Riçard Almeyda ilə yeni müqavilə imzalandığını açıqlamışdı. Adama Diakabi, Maksim Medvedev (karyerasını bitirib), Andrey Lunyov və Nihad Quliyev (“Səbail”) isə komandanı tərk ediblər.