Fabreqas “Komo”nun Tottiyə marağı haqda məlumatı cavabladı

“Komo”nun ispan baş məşqçisi Sesk Fabreqas son vaxtlar futbol ictimaiyyətinin gündəmində olan məlumatla bağlı danışıb.

Arena.az DAZN şəbəkəsinə istinadən məlumat verir ki, söhbət “Roma”nın canlı əfsanəsi, “canavarlar”ın italyan keçmiş hücumçusu Françesko Tottinin “Komo”da çıxış etmək məqsədilə, özünün futbolçu karyerasını bərpa edə biləcəyi haqda xəbərdən gedir:

“Totti – futbolun əfsanəsidir, amma biz onunla müqavilə bağlamaq məqsədilə heç bir maraq sərgiləməmişik”, deyə Fabreqas bildirib.

Xatırladaq ki, daha əvvəl Totti müvafiq mövzuda müsahibə verərək, futbolçu karyerasını bərpa edə biləcəyini istisna etməmişdi. Mətbuat isə Tottinin xidmətində məhz “Komo”nun maraqlı olduğu haqda təxmin irəli sürmüşdü.

Xatırladaq ki, Françesko Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb.

Totti 1992/1993-cü illər mövsümündən 2016/2017-ci illər mövsümünə qədər “Roma”nın futbolçusu olub. İtaliyan hücumçu bu müddətdə “canavalar”ın heyətində bütün yarışlarda 785 oyunda iştirak edib, 307 qol vurub, 210 məhsuldar ötürmə verib.

Totti “Roma” ilə İtaliya A Seriyasının (2000/2001), İtaliya Kubokunun (2006/2007, 2007/2008), İtaliya Super Kubokunun (2001/2002, 2007/2008) qalibi olub. Françesko 2006/2007-ci illər mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. Əfsanəvi futbolçu həmçinin 5 dəfə (2000, 2001, 2003, 2004, 2007) İtaliyada ilin futbolçusu seçilib.

Totti İtaliya yığmasında 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının (DÇ-2006) qalibi olub.

Françesko Totti “Roma” azarkeşlərinin sevimlisidir və “canavarlar”ın canlı əfsanəsi qəbul edilir.