Facoli qanunsuz mərc qoyuluşlarına görə 7 aylığa cəzalandırıldı

“Yuventus”un futbolçusu Nikolo Facoli qanunsuz mərc qoyuluşları etdiyi üçün 7 ay müddətinə futboldan kənarlaşdırılıb.

Arena.az bu barədə “Sky Sport” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Turin prokurorluğu artıq Facolinin 2024-cü ilin may ayına qədər futboldan kənarlaşdırıldığını təsdiqləyib.

Xatırladaq ki, daha əvvəl mətbuatda məlumat yayılmışdı ki, istintaq Facolinin qanunsuz mərc oyunlarında iştirakını təsdiqləsə, Nikolo üç il və ya daha çox müddətə diskvalifikasiya şəklində sanksiyalarla üzləşəcək. Bura 25 min avro məbləğində cərimə də əlavə oluna bilər. Sonradan məlum oldu ki, futbolçu qanunsuz qumar oynadığına görə ciddi cəzadan yayınmaq üçün məhkəməyə müraciət edib. Bundan əlavə, Facolinin agenti futbolçunun qumar asılılığından əziyyət çəkdiyini və tezliklə lazımi müalicədən keçəcəyini bildirib. Həmçini o, bu məsələdə istintaqla əməkdaşlıq edib.

Nikolo Facoli “Pyaçentsa”, “Kremoneze” və “Yuventus” klublarında yetişib. Nikolo 2021-ci ilin yanvarından turinlilərin əsas komandasında çıxış edir. 2021/2022 mövsümünü Facoli “Kremoneze”də icarədə keçirərək, yenidən “qoca sinyora”nın düşərgəsinə qayıdıb. Facolinin “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Facoli “byankoneri”nin heyətində 6 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Nikolo Turin təmsilçisinin heyətində ümumilikə 45 oyun keçirib, 3 qola və 6 məhsuldar ötürməyə imza atıb.

Facoli 2022-ci ilin noyabrında İtaliya yığmasının heyətində debüt edib, meydanda 50 dəqiqə keçirib.

“Transfermarkt” internet-portalı 22 yaşlı Nikolo Facolinin 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın